Bu gün səhər saatlarında İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib. Hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti təxminən 5 saat ərzində tamamilə dayanıb. Yolun açılması üçün əraziyə bir neçə ağır texnika və işçi qüvvəsi cəlb edilib. Sağ tərəfdəki sıldırımlı uca dağlardan və qayalardan qopub yola tökülən böyük daş parçaları və torpaq kütləsi texnikaların köməyi ilə sol tərəfdəki Girdiman çayına tərəf yönəldilib və ərazidən avtomobillərin keçidi təmin olunub. Bununla yanaşı, mütəxəsislər Lahıc və ətrafdakı kənd sakinlərinin İsmayıllı şəhərinə gediş-gəlişi üçün alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə etmələrini tövsiyə edir. Qeyd edək ki, son bir ayda İsmayıllı rayonuna yağan qar və yağış səbəbindən Lahıc yolunda tez-tez torpaq sürüşmələri baş verir.