Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, əmək kollektivləri , ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər. Bildirilib ki, Dövlətimizin başçısının 2003-cü ildə ilk dəfə Prezident seçilməsindən ötən 15 il ərzində Azərbaycan misilsiz inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin uzaqgörən siyasəti və həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da möhkəmlənib. Diqqətə çatdırılıb ki, 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, valyuta ehtiyatları 26,6 dəfə artıb. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektoru da əsaslı şəkildə inkişaf edib. Diqqətə çatdırılıb ki, qeyd olunan illər, eyni zamanda, Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərib. 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük Qələbə ölkəmizin qəti Zəfərini təmin edib. 2018-ci ildə "Biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq" tezisi 2020-ci ildə "Qarabağ Azərbaycandır!" şüarına çevrilərək Azərbaycanın müstəqilliyinin dönməz, əbədi olduğunu bir daha sübuta yetirib. Qeyd olunub ki, hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 19 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilib. Sonra tədbir iştirakçıları Azərbaycan Televiziyasının hazırladığı “Prezident. Təkrarsız diplomatiya” sənədli filmini izləyiblər.