Şəhid Murad Mahmudovun doğum günündə ailə üzvləri, dostları, və kənd sakinləri Vətənin qəhrəman oğlunun məzarını ziyarət edib, ruhuna dualar oxuyub, onunla bağlı xatirələrini bölüşüblər. Məktəblilər vətənpərvər ruhda şeirlər səsləndirib. Murad Mahmudov 1995-ci ilin aprel ayında Şəkinin Çayqaraqoyunlu kəndində anadan olub. 2013-2015-ci illər arasında həqiqi hərbi xidmətini keçən igidimiz təxris olunduqdan sonra doğma kəndinə qayıtsa da torpaqlarımızın işğal altında olması ilə barışa bilmir və hərbiçi kimi yenidən Vətənə xidmətə qayıdır. Vətən müharibəsi başlayanda minlərlə vətən oğlu kimi döyüşlərə qatılan Murad Ağdərə istiqamətində vuruşub. Sərrast atıcı olan çavuş Mahmudov düşmənin onlarla canlı qüvvəsi və texnikasını məhv edib. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Mail Mahmudov da Vətən müharibəsində qardaşı ilə çiyin çiyinə Ağdərə istiqamətində döyüşüb. Ancaq tale ele gətirib ki, oktyabrın səkkizində onlar bir birilərini son dəfə görüblər. Vətən müharibəsi zamanı Mahmudovlar ailəsindən 3 qardaş - Murad, Mail və Münasib döyüşlərdə iştirak edib. Valideynləri deyir ki, həmin günlərdə 3 zəng gözləmək ağır olsa da onlar bununla qürur duyurdular. Xatırladaq ki, 27 yaşlı qəhrəmanımız Vətən torpaqlarının işğalçılardan geri qaytarılması üçün son nəfəsinə kimi mübarizəsini davam etdirib və aprelin 3-də ağır döyüşlərinin birində yaralanaraq xəstəxanaya aparılsa da müalicəsini yarıda saxlayıb, döyüş yoldaşlarının yanına səngərə qayıdıb. Aprelin 10-da növbəti hücum əməliyyatında Talış yüksəklikləri uğrunda gedən qızğın döyüşdə qəhrəmancasına şəhid olub. Çavuş Murad Mahmudov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Cəsur Döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Qeyd edək ki, vətənin qəhrəman övladı ailəli idi. Damla və Aysu adlı qızları Vətənə yadigar qalıb.