Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdamın Abdal-Gülablı kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirən Mirzəyev təhsilini daha sonra Moskvada davam etdirib. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. “Görüş” filmində Şıxəlinin oğlu obrazını yaradanda Mirzəyevin cəmi 11 yaşı var idi. Aktyor bir il sonra “Ögey ana”ya dəvət alır. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, üstəlik rejissor kimi filmlər də lentə alıb.“Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkən və bədii rəhbər kimi çalışan aktyorun həm də güclü parodiya etmək qabiliyyəti olub. Hətta “Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsusdur. Ceyhun Mirzəyevin son çəkildiyi film “Fəryad” olub. Bu ekran işinin premyerasında iştirak etmək ona qismət olmur. Studiyada çəkilişi vaxtı özünü pis hiss edən aktyor evə güclə çatdırılıb.Ceyhun Mirzəyev 1993-cü il martın 5-də ürəktutmasından vəfat edib.Elə "Fəryad"dakı roluna görə Ceyhun Mirzəyev “Humay” mükafatına layiq görülüb.