Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi davam etdirilir.
Yolun bu hissəsi geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi hesab olunur. Tikinti işləri aparılarkən məhz bu nüanslar da nəzərə alınır.
Artıq yeni yolun tikintisi ilə bu problemlər də aradan qalxacaq. Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisi sürətlə aparılır. Yolun uzunömürlü və davamlı olması üçün sürüşməyə qarşı tədbirlər çərçivəsində 4 ərazidə ümumi uzunluğu 2.6 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası aparılır.
Yolun ilk 2 km-lik ərazisi aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək olan hissəsində yol 1.1 km, Ağsuçaydan sonrakı hissədə isə yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır. Hazırda layihənin ilk 7 km-lik hissəsində torpaq işləri, yol yatağının tikintisi aparılır. Həmçinin mühəndisi qurğular, ümumi uzunluğu 180 m-dən çox olan dairəvi də düzbucaqlı suötürücülər inşa edilir.
Layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü inşa edilir. Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Qeyd olunan hissədə tunelin giriş və çıxış portalında qazma işləri, həmçinin svay bərkitmə işləri yekunlaşmaq üzrədir.
Layihədə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Qeyd edək ki, yolun istifadəyə verilməsi nəqliyyat xərclərinin azaldılmasına, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə, qonşu ölkələrlə ticari münasibətlərin və regionda turizmin inkişafına təkan verəcək.