Şəhid Asif Məmmədovun doğum günündə ailə üzvləri, dostları, və kənd sakinləri Vətənin qəhrəman oğlunun məzarını ziyarət edib, ruhuna dualar oxuyub, onunla bağlı xatirələrini bölüşüblər. Məktəblilər vətənpərvər ruhda şeirlər səsləndirib. Asif Əhmədov 2001-ci ilin aprel ayında Şəkinin Oxud kəndində anadan olub. 2019-cu ilin aprelində Vətən qarşısında öz borcunu yerinə yetirmək üçün qürurla hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini başa vurmasına 2 gün qalmış Vətən müharibəsi başlayıb. Asif də minlərlə vətən oğlu kimi döyüşlərə qatılıb , Füzuli, Xocavənd istiqamətlərində vuruşub. Yaxınları Asifin müsbət keyfiyyətlərindən, vətənə bağlılığından, yardımsevər olmasından ağız dolusu danışırlar. Xatırladaq ki, 19 yaşlı qəhrəman Vətən torpaqlarının işğalçılardan geri qaytarılması üçün son nəfəsinə kimi mübarizəsini davam etdirib və 2020-ci ilin oktyabrın 21-i Füzulidə qəhrəmancasına şəhid olub. Asif Əhmədov ölümündən sonra döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.