Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş xüsusi təyinatlı İbrahim Məmmədovun doğum günü məzarı başında qeyd olunub. 37 yaşını cənnətdə qeyd edən şəhidin ailəsi, yaxınları, qazilər onun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Şəhidin keçdiyi qısa və şərəfli ömür yolundan qürurla danışılıb. Bildirilib ki, Xüsusi təyinatlı qüvvələrin giziri İbrahim Məmmədov Vətən müharibəsində qəhrəmancasına vuruşub, çətin xüsusi əməliyyatları uğurla yerinə yetirib. Ermənilərin qorxulu yuxusuna çevrilən, onlara qan udduran "Canavar" ləqəbli igidimizi Hadrutda göstərdiyi şücaətlərə görə, döyüş yoldaşları Hadrut qəhrəmanı adlandırıblar. Həmçinin İbrahim Məmmədov Füzulidə Azərbaycan bayrağını yüksəldib və azad olunmasını Ali Baş Komandana məruzə edib. Torpaqlarımızın qəsbkarlardan azad edilməsində, qisasımızın alınmasında müstəsna xidmətləri olan şəkili igidimizin həyatı və döyüş yolu tarixin şanlı səhifələrindən biri kimi gələcək nəsillərə nümunə olacaq.