Zaqatalanın mərkəzindən 25 kilometr aralıda yerləşən Danaçı kəndində 9000 sakin yaşayır. Bu ucqar kənddə sakinlərin ən çox istifadə etdiyi nəqliyyat vasitəsi motosikletdir. Sakinlər bu nəqliyyat vasitəsinin hər baxımdan daha sərfəli olduğunu qeyd edir. Normal motosikleti təqribən 2 min manata almaq mümkündür. Daha az yanacaq sərf edən motosiklet həm də digər nəqliyyat vasitələrinin çətinlik çəkdiyi daşlı, kəsəkli, dar yollarda rahat hərəkət edir. Kənddə çox istifadə edilən daha bir nəqliyyat vasitəsi də velosipetdir. Yaşlıdan cavana kəndin əksəriyyəti sağlamlıq üçün faydalı olan bu nəqliyyat vasitəsindən istifadə edir. Ərazi baxımından ən böyük kəndlərdən olan Danaçı kəndində sakinlər öz bağ və əkin sahələri ilə yanaşı, kənddaxili, bəzən də digər yaxın ərazilərə elə motosiklet və velosipetlə gedirlər. Çəkilişimiz zamanı da yüzlərlə sakinin məscidə motosikleti ilə gəldiyinin şahidi olduq. Nəticədə kənd məscidinin önündə maraqlı mənzərə yaranmışdı.