Salyan rayonunda soyqırımı qurbanlarının xatirəsi hüznlə anılıb. Tədbir iştirakçıları 31 Mart Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət edərək, ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamda həlak olan həmvətənlərinin unudulmaz xatirəsi qarşısında öz ehtiramlarını ifadə edib, abidə önünə gül-çiçək dəstələri düzüblər. Sonra həmvətənlərimizin soyqırımının qarşısının alınmasında erməni işğalçıları ilə vuruşaraq qəhrəmancasına həlak olmuş türk əsgər və zabitlərinin şəhər qəbiristanlığındakı məzarları ziyarət edilərək ruhlarına dualar oxunub. Xatırladaq ki, erməni-bolşevik quldur dəstələri indiki Salyan və Neftçala rayonlarının ərazisində 18 kəndi yandırıb, 2000-ə yaxın dinc sakini isə qətlə yetirib.
Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi Lənkəranda da dərin hüznlə anılıb. Minlərlə lənkəranlı soyqırımı qurbanlarına dərin ehtiramlarını bildirib, abidə önünə gül dəstələri düzüblər . Lənkəran 1918-ci ilin mart-aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə daha çox məruz qalan bölgələrdəndir. Ümumilikdə Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla yerlə-yeksan olunub, 2000-dən çox dinc sakin qətlə yetirilib. Mərasimdən sonra Lənkəran Dövlət Dram teatrında Vətən müharibəsində 44 gün ərzində qazanılan böyük zəfərdən bəhs edən “Haqqın 44 günü” tamaşası nümayiş olunub. 31 Mart Azərbaycanlıların Soyqırımı ilə əlaqədar Şamaxı rayonunda anım tədbirində əvvəlcə iştirakçılar soyqırımı abidəsi ziyarət edib. Ardınca rayon mədəniyyət mərkəzində təşkil olunan tədbirdə məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub. Tədbirin rəsmi hissəsində ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər erməni quldurlarının törətdikləri kütləvi qırğınlar və onların nəticələri barədə tarixi faktları diqqətə çatdırıblar. Bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxı qəzasında qəza mərkəzi və 120 kənd yaşayış məntəqəsinin 86-sı ermənilərin təcavüzünə məruz qalıb. 8027 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Vurğulanıb ki, mart-aprel qırğınlarına məruz qalan digər 33 kənddə isə qətliamların konkret mənzərəsi və miqyası barədə araşdırma yarımçıq saxlanılıb, tarixi həqiqətlərin üzə çıxarılması uzun illər yasaq edilib.
Ağsuda öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların tarixinə nəzər salınıb. 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərliyi ilə o zaman Ağsu ərazilərinin də daxil olduğu Şamaxı qəzasında ermənilərin qəza mərkəzini və 86 kənd yaşayış məntəqəsini dağıtdıqları, insanları kütləvi surətdə qətlə yetirildikləri bildirilib. Vurğulanıb ki, Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi.
Qax rayonunda keçirilən anəm tədbirində iştirakcılar rayon Şəhidlər Xiyabanında vətənin azadlığı uğrunda canından keçən şəhidlərin məzarını ziyarət nedib, Onların ruhuna dualar oxuyublar. Çıxış edənlər erməni millətçilərinin törətdikləri vəhşiliklərin, zorakılıqların xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıblar.
Zaqatalada da iştirakçılar əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər. Çıxış edənlər erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə geniş məlumat veriblər. Diqqətə çatdırılıb ki, yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ermənilərin dövlətimizə və xalqımıza qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya bəyan etmək və hüquqi-siyasi qiymət vermək mümkün olub.