Qiymət artımı əsasən xaricdən idxal edilən məhsullarda müşahidə edilir. Xüsusilə də taxta, dəmir kimi materialların qiyməti hər ötən gün artır. Alıcılar tikinti mövsümü ərəfəsində qiymətlərin yüksəlməsindən narahatdırlar. Satıcılar isə qiymət artımının əsas səbəbini Ukraynadan tikinti məhsullarının gəlməməsi və Avropa ilə Rusiya arasında münasibətlərin kəskinləşməsində görür. Belə ki, əsasən Rusiyadan idxal olunan taxta və dəmirin qiyməti azı 50% artıb. Əvəllər taxtanın kubu 300 manat idirsə hazırda 450 manata qədər qiymət qalxıb. Digər tərəfdən, yaz aylarında tikinti işlərinin artması, eləcə də, postpandemiya dövründə bu sahədə yaşanan canlanma qiymətə təsir göstərən əsas amillərdəndir. Yerli materiallarda da qiymət artımı müşahidə edilir. Əsasən çay daşı və digər yerli istehsalat materiallarında artım nəzərə çarpır. Nəzərə alsaq ki, xaricdən gətirilən tikinti materiallarına qlobal məsələlər öz təsirini göstərir, o zaman qiymət artımı da qaçılmaz olur. Odur ki, bu prosesin normaya salınması ehtimalı qəlizləşir. Daha çox xarici bazara görə dəyişən qiymətlərin tənzimlənməsi o qədər də real görünmür.