Güclü külək nəticəsində Oğuz rayon mərkəzində iri gövdəli ağac aşıb. Bu səbəbdən ərazini elektrik enerjisi ilə təmin edən naqillər qırılıb. Rayonun Xaçmaz kəndi ərazisində aşan iri gövdəli ağac isə elektrik naqilləri və qaz xəttini zədələyib. Gecə saatlarından 8 mindən çox əhalisi olan Xaçmaz kəndinə elektrik enerjisinin və təbii qazın verilməsində fasilə yaranıb. Xaçmaz kəndindən Filfilli kəndinə gedən yol bağlanıb. Müvafiq qurumların nümayəndələri ərazidə elektrik enerjisi və təbii qazın bərpa edilməsi istiqamətində təmir işləri aparıb.
Külək Şamaxı rayonunda da fəsadsız ötüşməyib. Rayonda elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Bəzi istiqamətlərdə ağaclar aşıb, elektrik dirəkləri əyilərək təhlükəli vəziyyətə düşüb. Rayonun M.Ə.Rəsulzadə küçəsində aşan ağac elektrik naqillərini, telefon xətlərini, vətəndaşa məxsus qaz sayğacını sıradan çıxarıb.
İsmayıllıda şəhər sakininə məxsus tövlənin dam örtüyü qonşunun həyətinə uçub, xoşbəxtlikdən xəsarət alan olmayıb. Güclü külək Topçu Kənd Orta məktəbinin dam örtüyünü də tamamilə uçub və məktəb yararsız vəziyyətə düşüb. İsmayıllı Rayon İcra Hakimiyyətində hadisə ilə bağlı komissiya yaradılıb, fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Şəkidə güclü külək əsasən kəndlərdə fəsadlara səbəb olub. Qudula kəndində iri qoz ağacı aşaraq yardımçı tikilinin üzərinə aşıb. Çeşməli kəndində yardımçı tikilinin dam örtüyünü , Cəfərabad kəndində isə vətəndaşa məxsus yaşayış evinin üst örtüyünü külək aparıb. Rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda bölgədə küləkli hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə isə ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti martın 30-u gündüzədək davam edəcək. Küləyin maksimal sürəti saniyədə 15-20 metr, ayrı-ayrı yerlərdə arabir 23-28 metr saniyəyədək güclənəcək.