Heydər Əliyev Fondunun Qax rayonunun Qaxingiloy kəndində inşa etdiyi mədəniyyət evi istifadəyə verilib. Qaxingiloy kənd Mədəniyyət evi 1965-ci ildən fəaliyyət göstərir. Mədəniyyət evinin binası uzun illər istismarda olduğundan son dövrlər yararsız vəziyyətə düşmüşdü. 2020-ci ilin martında bina tamamilə sökülərək yerində yeni bina inşa olunub. Mədəniyyət evi zəruri mebel və avadanlıqla təchiz edilib, həyətində abadlıq işləri aparılıb. Mədəniyyət evində geniş tamaşaçı zalı, səhnə, incəsənət növləri üzrə məşğələlərin təşkili üçün rəssam və heykəltaraşlıq, həmçinin ansambl, musiqi və ədəbiyyat dərnəkləri üçün otaqlar var. Binanın ikinci mərtəbəsində qonaq və qrim otaqları yerləşir. Mədəniyyət ocağında 1982-ci ildən “Şvitkatso” Gürcü Xalq Xoru və 1991-ci ildən “İmedi” rəqs kollektivi fəaliyyət göstərir. Tədbirin sonunda mədəniyyət evinin “İmedi” rəqs qrupu çıxış edib.