Hazırda Şəkidə sosial-iqtisadi inkişaf 2 prioritet istiqamətində aparılır. Bu, kənd təsərrüfatı sahəsi və turizmdir. Nəzərə alsaq ki, Şəki ölkənin ən iri taxılçılıq rayonudur bu sahə rayon iqtisadiyyatında əsas yeri tutur. Ancaq digər kənd təsərrüfatı sahələri - tütünçülük, üzümçülük və heyvandarllıq da rayonda sürətlə inkişaf etdirilir. Bu günə qədər Şəkiyə qoyulan investisiyanın həcmi 67 milyon 140 min manat təşkil edib. Təkcə ötən il bu rəqəm 9 milyon 830 min manat olub. Rayonda yeni istehsalat sahələri də fəaliyyətə başlayıb. Qısa müddət öncə özəlləşdirilən Şəki şərab zavodu isə ildə 2,6 milyon şüşə şərab istehsal edir. Ancaq bu rəqəm 2,3 milyon avro vəsait qoyulmaqla daha da arta bilər. Millət vəkili Əli Məsimli Şəkidə sosial-iqtisadi inkişafın əsas prioriteti kimi insan, resurs və biznesin inkişaf etdirilməsindən yanadır. Bu üç istiqamətdə aparılacaq işlərin böyük uğur gətirəcəyini deyir. Xüsusilə də kiçik və orta biznesin inkişafı rayon iqtisadiyyatının inkişafına böyük töhvə verə bilər. Aqrar sənaye zonası kimi böyük potensiala malik olan Şəkidə Sovet dövründə fəaliyyət göstərən, hazırda isə bağlanan zavod və fabriklərin də işində irərləyişə nail olmaq olar. Millət vəkili bunun üçün həmin obyektlərin simvolik bir rəqəm qarşılığında özəlləşdirilməsinin tərəfdarıdır. Digər tərəfdən, Azəripək ASC-nin də fəaliyyətini genişləndirməklə rayonun iqtisadiyyatına əlavə gəlir gətirmək və iş yerlərini artırmaq mümkündür. Şəkidə son zamanlar turizmin inkişafı iqtisadiyyatın- nəqliyyat, rabitə və ticarətin inkişafına, əhalinin işlə təmin olunmasına güclü təkan verib. Ancaq yay turizmindən əlavə, Şəkinin təbiəti imkan verir ki, qış turizmi də inkişaf etsin. Bu istiqamətdə müəyyən addımlar atmaqla turizm sahəsindən daha çox gəlir əldə etmək mümkündür. Digər tərəfdən, Şəkidə yeyinti sənayesinin inkişafı üçün də potensial var. Belə ki, Şəki halvasını dünya brendinə çevirməklə yeni imkanlar açmaq olar.