Çaldaş kəndi Böyük Söyüdlü kənd inzibati ərazi dairəsinə daxil olmaqla Oğuz rayonunun ən uzaq və füsunkar təbiətə malik kəndlərindən biridir. Kənd əsas infrastruktur layihələrindən biri olan qazlaşmadan kənarda qalıb. Bəlk də - unudulub desək, yanılmarıq. Kənd salındığı gündən bu günə kimi hələ də mavi yanacaq üzü görməyib. Kənd sakinləri odundan istifadə etmək məcburiyyətində qalırlar ki, bu da ekoloji tarazlığın pozulmasına, kənd ərazisində və ətrafında ağacların sayının sürətlə azalmasına səbəb olur. Sakinlər deyir ki, məsələ ilə bağlı rayon icra hakimiyyətinə, qaz idarəsinə dəfələrlə yazılı və şifahi şəkildə müraciət ediblər. Ancaq hələlik müsbət cavab almayıblar. Zaqatala Regional Qaz istismar İdarəsindən verilən məlumata görə, Çaldaş kəndinin qazlaşdırılması layihəsi artıq hazırdır. Kəndin növbəti il ərzində mavi yanacaqla təmin edilməsi planlaşdırılır.