Şəkidə Novruz Bayramı şənlikləri davam edir. XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın həyətində bayram tonqalı alovlandırılıb. Novruzun personajları Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarına xoş əhvali-ruhiyyə bəxş edib, pəhləvanlar öz məharətlərini göstəriblər. Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrinin folklor və rəqs kollektivləri, zurnaçalanlar ansamblı maraqlı konsert proqramı ilə çıxış ediblər. Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilər nümayiş olunub. Milli geyimli oğlan və qızlar əllərində Novruz xonçaları şənlik iştirakçılarına bayram şirniyyatı paylayıblar. Qoruq ərazisində bayram yarmarkası həftənin sonunadək davam edəcək...