Şəkidə internetin keyfiyyəti baxımından vəziyyət heç də ürəkaçan deyil. Turizm şəhəri olsa da, Şəki bu sahədə müasir dövrün tələblərinə cavab verməkdə çətinlik çəkir. Elə rayona gələn turistlər də bu problemlə üzləşdiklərini deyirlər. Rayonda əsasən köhnə texnologiya - ev telefonu ilə çəkilən internetdən istifadə olunur. Elə bunu nəticəsidir ki, internetin keyfiyyət göstəricisi və sürəti tələblərə cavab vermir. Pandemiya dövründə distant təhsilə keçid, internetə olan tələbatı daha da artırdı. Ancaq əksər evlərdə telefon xəttinin olmaması, nəticədə internetin də yoxluğu və ya tamamilə aşağı sürətli internetin olması şagird və müəllimlər üçün əsl kabusa çevrildi. Hazırda şəhərdə optik internet çəkilir. Ancaq sadəcə bir şirkət tərəfindən edildiyi üçün bu, istifadəçilərə geniş seçim imkanı da vermir. Regionda rəqabətli mühit və vətəndaşın seçim imkanı olmadığı üçün bu internetin inkişafının da qarşısını alır. Ekspertlər hazırda bölgələrdə istifadə olunan ADSL texnalogiyasının artıq öz dövrünü başa vurduğunu deyir. Məsələnin həllini isə özəl provayderlərə bölgələrdə şərait yaradılmasında görürlər. Staistik göstəriciıər onu deməyə əsas verir ki, internetdən istifadə dinamikası son dövrlərdə durmadan artır. Ancaq bu o demek deyil ki, keyfiyyət də buna paralel olaraq gedir. Nəzərə alsaq ki, artıq həyatımızdakı işlərin əksəriyyəti internet üzərindən həyata keçirilir, hələ də internetin bu qədər çətin əldə edilməsi sual doğurur.