Şamaxı rayonu Məhəmməd Hadi küçəsində yerləşən, 50 ailənin məskunlaşdığı yaşayış binasının sakinləri qorxu içində yaşayır. Binanın həyətində olan 3 çinar ağacı illərdir ki, budanmır. Ağaclardan biri o qədər yola doğru əyilib ki, hər an aşa bilər. Üstəlik ağacın altında piyadların sıx hərəkəti müşahidə edilir. Sakinlərin sözlərinə qəzalı vəziyyətə düşən ağacın bu günə kimi aşmamasının qarşısını alan- ağacın altında olan su çənidir. Bu azmış kimi güclü külək əsən zaman ağacların budaqları yaşayış binasının pəncərələrinə çırpılaraq şüşələri qırır. Qırılan şüşə parçaları isə binanın həyətindən keçənlər üçün bir başqa təhlükə yaradır. Sakinlər deyir ki, məsələylə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də bir nəticəsi olmayıb. Məsələylə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, bu cür vəziyyətlərdə sakinlər yerli bələdiyyə orqanına müraciət etməlidir. O qurum da öz növbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə.... Bu müraciətdən sonra əraziyə ekpertlər tərəfindən baxış keçirilə və ehtiyac olarsa ağacın kəsilməsi ilə bağlı qərar verilə bilər. Belə görünür, qurumlararası əlaqənin itməsi sakinlərin müraciətini də cavabsız qoyub. Ümid edirik ki, bir faciə baş verməmiş məsələ öz həllini tapar...