Qədim tarixə, zəngin mədəniyyətə malik olan Lahıcın mənəvi dəyərləri sırasında Novruz bayramı özünəməxsus yer tutur. Baharın gəlişi Lahıcda təntənə ilə qeyd edilir.
Novruz bayramı hər il İsmayıllının Lahıc qəsəbəsində böyük təntənə ilə qeyd olunur. Yazın, baharın ilk gəlişini qeyd etmək üçün soyuq və qarlı gündə meydana,tonqal ətrafına cəmləşən qəsəbə sakinlərini Novruzun personajları olan Kosa və Keçəl salamlayıb. Qız-gəlinlərin evlərdə hazırladıqları şəkərbura,paxlava,lahıc halvası,şirin çörəklər,boyanan yumurtalar,cücərdilən səmənilər,şux bayram rəqsləri, folklor qruplarının çıxışları bayrama xüsusi rəng qatıb. Tonqal ətrafına cəmlənən qəsəbə sakinləri axşama doğru evlərinə çəkilib bayram süfrəsi üçün hazırlıq görürlər. Sözsüz ki, Novruzun gəlişinə ən çox sevinən uşaqlar olur. Çünki onlar bayram günü bir yerə toplaşar, öz aralarında məslətləşər, qızlar qulaq falına çıxar, oğlanlar qapılara papaq atarlar. Bayram axşamı digər şirniyyat və yeməklərlə bərabər süfrədə Lahıc plovunun olması vacibdir. Bayram plovu hazır olduqdan sonra, digər yeməklərlə birgə süfrəyə verilir. Masa arxasına keçən böyükdən-kiçiyə hər kəs bayram yeməklərindən dadıb, xoş söhbətlər edib, baharı qarşılayırlar. Bizimlə həmsöhbət olan 80 yaşlı Püstə nənə Lahıcda qeyd edilən Novruz adətlərindən söz açıb. Püstə nənə deyir ki,əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Bir sözlə. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bayramınız mübarək!