Şimal-Qərb bölgəsinin əksər otellərində bayramqabağı yerlərin bron olduğu barədə sujet təqdim etmişdik. Artıq bu gündən turislər bölgələrə üz tutmağa başlayıb. Xüsusilə də Qəbələyə Novruz bayramında turist axını gözlənilir. Pandemiya səbəbindən sayında kəskin azalma müşahidə edilən ərəb turistlərə də rast gəlmək mümkündür.
Bayram həftəsi Qəbələyə minlərlə yerli və xarici turistin səfər edəcəyi gözlənilir. Rayondakı otellərin əksəriyyətində yerlər dolub. Novruzu Qəbələdə keçirmək istəyən yerli turistlərdən əlavə, BƏƏ, Dubay, Qətər, Hindistan və Pakistandan olan turistlər də istirahət üçün Qəbələni seçib. Qarın yağması da qış turizminin inkişaf etdiyi Qəbələyə turistləri cəlb edən əsas səbəblərdəndir. Otellər də turistlərin maraqlı istirahətini təmin etmək və milli adət-ənənələrimizi təbliğ etmək üçün müxtəlif əyləncələr təşkil ediblər. Qiymətlərə gəlincə, bayram ərəfəsində artım müşahidə edilir. Belə ki, bir gün üçün otaqların qiyməti 167 manatla -3500 manat aralığında dəyişir. Otellərdə doluluq müşahidə edildiyindən meşə və çay kənarındakı kotteclərə və kirayə evlərə üz tutanların da artacağı gözlənilir ki, burda da qiymətlər şəraitdən asılı olaraq 50 manatla - 800 manat arasındadır.