Çərşənbə, 16 Mart 2022 11:34

Bayramqabağı bazarda qiymətlər "ceyran belində"

Novruz bayramının son- yazın gəlişini, torpağın oyanışını simvozilizə edən ilaxır və ya Torpaq çərşənbəsi zamanı süfrə açmaq da milli adət-ənənələrimizdəndir. Axır çərşənbədə həmçinin Novruza hazırlıq görülür, şirniyyatlar bişirilir. Maraqlıdır, bayram şirniyyatlarının hazırlanması, bayram süfrəsinin bəzədilməsi üçün insanların nə qədər xərci çıxır, bazarlarda qiymətlər necədir? Əməkdaşlarımız bu suallara cavab tapmaq üçün Şəki bazarında məhsulların qiyməti ilə maraqlanıb. 

“Novruz bayramı ilə bağlı xalq arasında belə bir inanc var ki, ilaxır çərşənbəni necə keçirsən növbəti 7 ili elə keçirəcəksən. Bu səbəbdən də hər kəs bu günü süfrəsinin bolluq içində olmasını istəyir. Bəs, qiymətlər necədir? Bunu araşdırmaq üçün Şəki bazarına gəlmişik. Nar neçəyədir?” Bazarda qısa gəzintimiz zamanı satıcılar bildirdi ki, əksər məhsulların qiymətində artım var. Bu, özünü xüsusən də xaricdən və ya başqa regionlardan gətirilən məhsullarda göstərir. Havaların qeyri sabit, qarlı, şaxtalı keçməsi də qiymətlərə öz təsirini göstərib. Əgər bayram süfrənizdə təzə tərəvəzin olmasını istəyirsinizsə, pomidorun kiloqramını 3-4, xiyarınsa 4-5 manatdan əldə etmək mümkündür. Meyvələrə gəlincə isə qiymətlər fərqlidir...

Novruz şirniyyatlarının vazkeçilməzi olan qoz ləpəsinin qiyməti 10-20, fındıq ləpəsinin isə 8-14 manat arasındadır. Satıcılar qiymətlər yüksək olduğu üçün alıcı qıtlığı yaşandığını deyirlər. Bazarda dəyişməyən yeganə məhsul onsuz da baha olan şabalıdın qiymətidir. Bayram süfrəsinin əsas neməti olan plovu bişirmək istəyənlər üçün düyünün qiyməti 3 manatdan başlayır, aş-qara üçün lazım olan kişmiş və digər quru meyvələrin qiyməti isə əl yandırır.  Bayram süfrəsinin bəzəyi olan səməninin qiyməti isə ölçüsündən və bəzəyindən asılı olaraq 1-10 manat arasında dəyişir. Bir sözlə, nə qədər xərcləməyinizdən asılı olmayaraq əsas odur ki, süfrəniz bərəkətli olsun...  

Bayramınız mübarək!

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S