Son bir neçə gündür ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti qarın yağması ilə daha kəskin hal alıb. Dağətəyi rayonlarda, xüsusilə də şimal-qərb bölgəsində yağan qar avtomobil yollarında bir sıra çətinliklər yaradıb. Bəs, qışı yola saldığımız bir zamanda həsrət qaldığımız qarın yağmasının təsərrüfat sahələrinə təsiri nə dərəcədə olub? Sualın cavabını, eləcə də bu gün yaşananları sujetdən izləyək...
Ötən gün səhər saatlarından hökm sürən yağışlı hava, gecə saatlarında sulu qar və qara çevrilib. Şəkidə təbiət ağ örpəyə bürünərək, gözəl mənzərə yaradıb. Ekspertlərin fikrincə yağıntılar davamlı olarsa bu il tələf olmaq təhlükəsi ilə üzləşən bir çox kənd təsərrüfatı bitkiləri üçün faydalı olacaq və məhsuldarlığa müsbət təsir edəcək. Qax rayonunda isə qar əsasən rayonun dağlıq kəndləri olan İlisu, Sarıbaş və Ağçay kəndlərinə yağıb. İlisuda qarın qalınlığı 20-25, şəhər mərkəzində isə 10 sm təşkil edib. Hərəkətin təhlükəsizliyi məqsədilə gücləndirilmiş iş rejiminə keçən polis əməkdaşları hərəkət etməkdə çətinlik avtomobil sürüclərinə yardım edib. Şamaxıda isə qar Pirqulu, Qızmeydan, Pirbəhli, Dəmirçi,Zarat-Xeybəri,Qaladərəsi,Sis kəndlərində gediş-gəlişi çətinləşib. Bir tərəfdən qar, digər tərəfdən güclü duman Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunda sürücülərə çətin anlar yaşadıb. Görmə məsafəsi 1 metrə enib. Hava şəraitinin gecə saatlarına doğru yenidən yağıntılı olacağını nproqnozlaşdırılır. Xüsusilə də dumanla əlaqədar Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Yevlax-Zaqatala, Həkəri-Zəngilan, Gəncə-Kəlbəcər-Laçın, Lənkəran-Lerik və digər magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsi məhdudlaşacaq. DYP sürücüləri diqqətli olmağa çağırıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatlına görə, son günlər temperatur 5-8 dərəcə aşağı düşüb. Kəskin hava şəraitinin martın 13-dək davam edəcəyi proqnozlaşdırılır.