Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
İmtahan 17 şəhər və rayonda keçirilib. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən, 4 imtahan iştirakçısında mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Martın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 8‑dək elan olunması nəzərdə tutulur.
Əməkdaşlarımız isə prosesi Şəkidə izləyiblər. 8 binada keçirilən imtahanlarda 1800-dən çox şagird biliyini sınayıb. İmtahanlara 21 imtahan rəhbəri və 168 imtahan nəzarətçisi iştirak edib. Şəkidəki imtahanlar zamanı qayda pozuntuları aşkar edilməyib.