Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının 30 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon administrasiyası, universiettin rektoru , Milli Məclisin deputatı, elm adamları, ziyalılar iştirak ediblər. İştirakçılar Mərkəzin foyesində ADPU-nun Şəki filialının 30 illik fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Ardınca universitetin Şəki filialının fəaliyyətindən bəhs edən film nümayiş olunub. Çıxış edənlər gözəl təbiəti, tarix və mədəniyyəti abidələri ilə tanınan Şəkinin həm də, Azərbaycanın qədim sənət, elm və təhsil mərkəzlərindən biri olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, 30 il ərzində filialda 5 mindən çox ali təhsilli pedaqoji kadr hazırlanıb, 6 mindən çox müəllimin ixtisasının artırılması və təkmilləşdirilməsi həyata keçirilib. Hazırda filialda 2 fakültədə 9 ixtisas üzrə 900-dən çox tələbə təhsil alır. Filialın 86 əməkdaşından 3 nəfəri elmlər doktoru, 15 nəfər isə fəlsəfə doktorudur. Universitet rəhbərliyinə xatirə hədiyyəsi və kollektivinin bir sıra üzvlərinə fəxri fərmanlar verilib. Yubiley tədbiri bədii proqramla başa çatıb.