Su həyatdır, amma susuz yaşayanlar, daha doğrusu, yaşamalı olanlar da var. Məsələn, Oğuzun Dəymədərə kəndinin sakinləri illərdir su çiləsi çəkir. Sakinlər içdikləri su üçün kilometrlərlə məsafə qət etməli olur. Məsələ isə suyun olmamasında deyil, su var, amma kəndə suyu çəkən yoxdur. Təfərrüatlar sujetdə...
Oğuzun Dəymədərə kəndində 800 nəfərə yaxın sakin və 250-yə yaxın təsərrüfat sahəsi susuzluqdan əziyyət çəkir. Əsasən əkinçilik və maldarlıqla məşğul olan kənd sakinləri artıq 18 ilə yaxındır ki, su üzünə həsrət qalıb. Əsası 1980-ci illərdə qoyulan kəndin su sistemi istismar müddətini başa vurduğu üçün tamamilə yararsız hala düşüb. Zamanında kəndi içməli su ilə təmin edən su hövzəsi artıq qurbağa gölünə çevrilib. Kənd sakinləri məsələ ilə bağlı dəfələrlə aiddiyatı qurumlara müraciət etsə də məsələnin həlli istiqamətində heç bir tədbir görülməyib. Kənd İcra nümayəndəsi Qərib Yunusov müraciətimizə cavab olaraq bildirdi ki, kəndin bir neçə hissəsində yeni arteziyan quyusu qazılıb. Lakin bu quyulardan ancaq bir məhəllə istifadə edə bilir. Digər ərazilərdə isə su xətlərinin köhnə olması və ya ümumiyyətlə olmaması səbəbindən sudan istifadə mümkünsüzdür. Problemin həlli istiqamətində aiddiyatı qurumlar qarşısında məsələ qaldırılıb.