Turizm şəhərlərində hava limanının olması regionların bu sahədə inkişafına da müəyyən mənada təsirini göstərir. Bu baxımdan, artıq bir neçə il idi ki, Şəki Hava limanının bərpa edilərək işə salınması məsələsi gündəmdə idi. Hazırda ancaq vertolyotları qəbul etmək gücündə olan bu aeropertun yenidən fəaliyyətə başlayıb-başlamayacağı hökümətin hesabatında öz əksini tapıb.
Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd edilib ki, Şəki rayonuna yaxın yerləşən Qəbələ və Zaqatala rayonlarında beynəlxalq statusa malik hava limanları dövlət əsaslı vəsait xərclərindən ayrılmış vəsait hesabına inşa edilərək istismara verilib. İlkin araşdırmalara əsasən, sərnişin və yük təyyarələri üçün hava əlaqələrinin bərpa edilməsi məqsədilə Şəki Hava limanının uçuş-enmə zolağının ölçülərinin artırılması üçün tikinti quraşdırma işlərinin yerinə yetirilməsi tələb olunur. Lakin Şəki hava limanının yenidən qurulması və istismara verilməsi, bu regionda artıq dörd mülki hava limanı - Gəncə, Qəbələ, Zaqatala və Yevlax hava limanları fəaliyyət göstərdiyindən Hava Hərəkəti İdarəsi dispetçerlərinin iş yükünün artmasına səbəb ola və uçuşların təhlükəsizliyinin təmin edilməsində əlavə çətinliklər yarada bilər. Qeyd olunanlar nəzərə alınaraq bu hava limanının yenidən qurulması iqtisadi baxımdan məqsədəuyğun hesab edilməyib.