Çərşənbə, 09 Mart 2022 09:51

Novruz mübarək qədəmləri ilə qapılarımızın astanasındadır.

İlaxır çərşənbələrdən 3-cüsü - Yel çərşənbəsidir. Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Təmiz sudan keçib pak olanlar, arzusunu suya danışanlar, Tanrıdan əkininə bol su diləyənlər, sonra isə oddan atlanıb, “ağırrığını-uğurruğunu” oda tökənlər, səpdiklərinə can verən istini, Günəş işığının bolluğunu arzulayanlar ücüncü dəfə Yel babaya üz tutur, ən gözəl dualarla onu qarşılayırlar. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir. Yel çərşənbəsi günü də hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Evlərdə plov dəmlənir, süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanan çərəzlər düzülür. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı lent bağlanır. Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatar bişirilir. Qeyd edək ki, martın 15-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli isə Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq. Novruzun müjdəçi olan Yel çərşənbəniz mübarək!

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S