Güclü külək və yağışla müşahidə olunan hava şəraiti bəzi rayonlarda fəsadlar törədib. Ağaclar aşıb, elektrik dirəkləri qırılıb.
Son iki gündür müşahidə olunan güclü külək Şamaxıda fəsadlara səbəb olub. Küləyin təsiri nəticəsində Şamaxı şəhərində və kəndlərdə 10-a yaxın evin, tövlə və sahibkarlıq obyektinin dam örtüyü dağılıb, 20-dən çox irigövdəli ağac, işıqlandırma dirəkləri, yol nişanları, reklam lövhələri aşıb. Bundan əlavə, güclü külək Həmyəli-Cabanlı yolunun kənarında olan 30-a yaxın beton elektrik dirəyini aşırıb, yüksək gərginlikli elektrik naqilləri qırılıb. Küləyin elektrik təsərrüfatına vurduğu ziyan səbəbindən Şamaxı şəhərinə və kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Hazırda küçələrə yıxılmış ağacların kəsilərək götürülməsi və əhalinin elektrik enerjisi ilə təmin olunması üçün işlər görülür.
Güclü külək Şəkidə də fəsalara səbəb olub. Bəzi kənd yollarında ağaclar aşıb, naqillər qırılıb. Hazırda küləyin fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.Milli Hidrometreologiya Xidmətinin məlumatına görə, bəzi bölgələrdə küləkli hava şəraiti davam edir və temperatur ötən günlərlə müqayisədə 5-8° aşağı enib.
Göyçay rayonunda da güclü külək bir sıra fəsadlar törədib. Küləyin təsiri nəticəsində Göyçay şəhərində və kəndlərdə 10-a yaxın irigövdəli çinar, qovaq ağacı aşıb, yollarda hərəkət edən bir neçə avtomobilə ziyan dəyib. Qeyd olunan ərazilərdə elektrik enerjisinin verilişi dayanıb. Qeyd edək ki, sabahdan başlayaraq yaxın üç gün ərzində havanın temperaturu iqlim normasından yüksək olacaq. Martın 9-u axşamdan başlayaraq isə hava şəraitinin dəyişəcəyi, temperaturun xeyli aşağı düşəcəyi gözlənilir. Temperatur fevral ayı ilə müqayisədə aşağı olacaq və 4-9 dərəcə isti təşkil edəcək.