Bu gün 22 mindən çox şagird orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verib. Saat 11-də başlayan imtahanlar respublikanın 30 şəhər və rayonunda keçirilib. Prosesin idarə olunmasına 216 ümumi imtahan rəhbəri, 4 min 506 nəzarətçi-müəllim, 442 buraxılış rejimi əməkdaşı, 216 bina nümayəndəsi ayrılıb. Sabah da keçiriləcək imtahanlar ümumilikdə 216 bina və 3 min 620 zalda təşkil olunur. İmtahanlarda 17 nəfər fiziki məhdudiyyətli abituriyentin iştirakı planlaşdırılır. Onlar üçün də fərdi nəzarətçilər təyin edilib. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub. Dövlət İmtahan Mərkəzinin Balakən, Zaqatala və Qax rayonlarında tam orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib. Qaxda imtahanların idarə olunmasına 6 imtahan rəhbəri və 46 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 38 otaq ayrılıb. Əməkdaşlarımız Qax şəhərindəki Tofiq İsmayılov adına 5 saylı məktəbdə tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının gedişi ilə tanış olub. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.