Ölkənin demək olar bütün bölgələrində və eləcə də paytaxtda sahibsiz heyvanların, o cümlədən sahibsiz itlərin sayı günbəgün artır. Bu heyvanlar bəzən təhlükəli vəziyyət yaradaraq insanlara hücum edirlər, bəzən də məktəbə gedən şagirdlər üçün qorxulu anlar yaşadırlar. Gecə saatlarında isə ərazi tamamilə bu canlıların ixtiyarında olur. Hər addımbaşı rast gəlinən sahibsiz itlərlə bağlı şimal-qərb bölgəsindən, daha dəqiqi Şəki, Zaqatala və Şamaxıdan reportaj hazırlamışıq. İzləyək... Mövzunu sırf bu bölgələrdə araşdırmağımızın bir digər səbəbi, həmin rayonların turizm bölgəsi olmasıdır. Təbii ki, sakinlərin yaşadığını ölkəmizə gələn turistlər də yaşayır. Və nəticədə həmin rayonların imicinə xələl gəlir. Bir sözlə, ümumilikdə ölkənin probleminə çevrilən bu məsələ ilə bağlı ümid edirik yaxın gələcəkdə hər hansı addım atılar.
Səllim və sürü halında dolaşan itlər insanlar üçün əsl təhlükə mənbəyinə çevriliblər. Durmadan sayı artan itlərə qarşı heç bir tədbirin görülməməsi də sakinlərdə qorxu yaradır. Xüsusilə səhərin erkən saatlarında və axşam vaxtı sürü halında dolaşan səllim itlər sakinlərin kabusuna çevrilib. Vəziyyət o həddə çatıb ki, şəhər mərkəzlərində, park və meydanlarda insanlar rahat gedib-gələ, istirahət edə bilmir. Ən böyük təhlükə və qorxunu isə məktəbə gedib-gələrkən uşaqlar yaşayır. Bu səbəbdən də əksər valideynlər övladlarını özü dərsə aparmalı olur. Digər tərəfdən, itlərin heç bir quduzluq əleyhinə vaksinasiya edilməməsi bu təhlükəni daha da artırır. Ekspertlər deyir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınarsa, dərhal müalicə olunmalıdır. Əks halda, bu, ölümlə nəticələnir. O ki, qaldı bu heyvanların quduzluq əleyhinə müalicə-profilaktikaya cəlb olunmasına....
Küçədə addımbaşı sahibsiz heyvanların olması aqressiv insanların onlara qarşı şiddətini də asanlaşdırır. Dünya təcrübəsinə isə nəzər salsaq görərik ki, insanların küçə heyvanlarından qorxmaması üçün itlərin qulaqlarına birkalar, xüsusi sancaqlar vurulur ki, bu da onların vaksinlənmiş, yəni təhlükəsiz olduğunu bildirir. Ancaq hazırda ölkəmizdə bununla bağlı hər hansı iş görülmür.