Torpaqların azad edilməsi uğrunda döyüşlərdə canını qurban verən qalib ordunun cəngavər əsgərlərini tanıtmaqda davam edirik... Belə igid oğullardan biri də doğum günü martın 1-də olan Şəki rayonunun Qayabaşı kəndinin övladı Əziz Əzizovdur. Ailəsi onun cənnətdəki 22-ci yaşını qürurla, fəxrlə qeyd edib.
Əziz Əzizov 2019-cu ildə həqiqi hərbi xidmətini başa vuraraq doğma kəndinə qayıdır. Arzusu polis olmaq, vətəninə xidməti davam etdirmək idi. İşə başlayacağı günü səbirsizliklə gözləyən Əziz Vətən müharibəsinin başladığını eşidər -eşitməz könüllü olaraq cəbhəyə yollanır. Vətən torpaqlarının müdafiəsi kimi şərəfli vəzifənin icrasına Füzulidə başlayan Əzizin döyüş yolu Şuşaya qədər uzanır. Qızğın döyüşlərdə öz pulemyotu ilə ermənilərə qan udduran, göz açmağa imkan verməyən qəhrəmanımız noyabrın 4-də Şuşa ətrafında gedən ağır döyüşlərdə şəhadətə yüksəlir. Ancaq bütün bu dövr ərzində ailəsi onun döyüşlərdə olduğunu bilməyib. Ön cəbhə də olsa da Əziz anasını üzməmək üçün bunu ondan həmişə gizlədib. Ailəsi igid oğulları ilə qürur duyduqlarını, fəxr etdiklərini söyləyirlər. Onu da xatırladaq ki, Taleh Əzizov da qardaşı Əziz kimi vətənin harayına hay verib könüllü müharibəyə yollanıb, Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib. Əziz özündən çox qardaşı Talehdən narahat olub. Döyüş yoldaşları onun haqqında danışarkən gözləri alovlanır. Bildirirlər ki, mühasirəyə düşəndə Əziz güllə yağışı altında qorxmadan 8 yaralı yoldaşını xilas edib. Dəfələrlə sayca qeyri-bərabər döyüşlərə girəndə Əzizin gülərək iti qovan kimi qovacağıq deyib, qorxmazlığı və cəsarətilə əsgər yoldaşlarını da ruhlandırıb. Vətən müharibəsində göstərdiyi xidmətlərə və şücaətə görə Şəhid Əziz Əzizov ölümündən sonra “Hərbi Xidmətlərə görə”, “Vətən uğrunda”, "Cəbrayılın, Füzulinin, Qubadlının, Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Martın 1-də doğum günü olan Əzizi ailəsi, qohumları, döyüş yoldaşları məzarı başında yad edib, ruhuna dualar oxuyublar...