Super User
Təhlükə yaradan ağacları niyə kəsmirlər ?
Şamaxı rayonu Məhəmməd Hadi küçəsində yerləşən, 50 ailənin məskunlaşdığı yaşayış binasının sakinləri qorxu içində yaşayır. Binanın həyətində olan 3 çinar ağacı illərdir ki, budanmır. Ağaclardan biri o qədər yola doğru əyilib ki, hər an aşa bilər. Üstəlik ağacın altında piyadların sıx hərəkəti müşahidə edilir. Sakinlərin sözlərinə qəzalı vəziyyətə düşən ağacın bu günə kimi aşmamasının qarşısını alan- ağacın altında olan su çənidir. Bu azmış kimi güclü külək əsən zaman ağacların budaqları yaşayış binasının pəncərələrinə çırpılaraq şüşələri qırır. Qırılan şüşə parçaları isə binanın həyətindən keçənlər üçün bir başqa təhlükə yaradır. Sakinlər deyir ki, məsələylə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də bir nəticəsi olmayıb. Məsələylə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, bu cür vəziyyətlərdə sakinlər yerli bələdiyyə orqanına müraciət etməlidir. O qurum da öz növbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə.... Bu müraciətdən sonra əraziyə ekpertlər tərəfindən baxış keçirilə və ehtiyac olarsa ağacın kəsilməsi ilə bağlı qərar verilə bilər. Belə görünür, qurumlararası əlaqənin itməsi sakinlərin müraciətini də cavabsız qoyub. Ümid edirik ki, bir faciə baş verməmiş məsələ öz həllini tapar...
Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib...
Bu gün Şəkidə - Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhid mayor Xəyal Məmmədovun xatirəsinin əbədiləşdirildiyi bulaq komplesinin açılışı baş tutub. Mərasimə şəhidin ailəsi ilə yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin, İcra hakimiyyətinin rəsmiləri, millət vəkili, şəhidin döyüş yoldaşları, dostları, şəhər ictimaiyyəti qatılıb. 44 günlük vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunub, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Şəhid Xəyal Məmmədovun qorxmazlığından, vətənpərvərliyindən, döyüşdə göstərdiyi qəhrəmanlıqlardan qürurla bəhs edilib. Qeyd edək ki, mayor Xəyal Məmmədov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində hərbçi kimi peşəkarlığı yüksək qiymətləndirilib. Prezidentin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətənə Xidmətə görə” ordeni, “Vətən uğrunda” ,“Cəbrayılın, Füzulinin və Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Qəhrəmanımızın iki qız övladı Vətənə əmanət qalıb.
İsmayıllı sakini çayda boğularaq ölüb...
İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Hadisə rayonun Aşıqbayramlı kəndinin ərazisində bu gün saat 10:30 radələrində baş verib. Belə ki, kənd sakini 58 yaşlı Vaqif Zahidov ehtiyatsızlıqdan yaşadığı evin yaxınlığından keçən kiçik dağ çayına düşüb. Çaya yıxılan kişi köməksiz vəziyyətdə qalıb və boğularaq ölüb. Onun cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu araşdırma aparır.