Super User

Super User

Şəki şəhər tibb kollecində Umumilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş  tədbir keçirilib. Tibb kollecinin tələbələri, şəhər ictimaiyyəti və qazilərin iştirak etdiyi tədbirdə çıxış edənlər Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolundan, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə göstərdiyi əvəzsiz tarixi xidmətlərdən, gənclərlə iş sahəsində yürütdüyü siyasətdən bəhs ediblər.  Tədbir çərçivəsində tələbələrin Ulu Öndərə, Vətən müharibəsinə, Şuşanın azad olunmasına , şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza həsr olunan rəsm əsərləri və əl işləri nümayiş olunub. Ümumilikdə 20 tələbənin 65 əsərinin nümayiş olunduğu sərgi maraqla qarşılanıb. Tədbirin bədii hissəsində tələbələrin ifasında Ulu öndərə  həsr olunan şeir və mahnılar səsləndirilib. Milli rəqslərimiz nümayiş olunub. 

Azərbaycan Dövlət Pedaqoji Universiteti, EYUDER (Eğitim Yöneticileri ve Uzmanları Derneği) Azərbaycan və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə Şəki şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Region müəllimlərinin təhsil zirvəsi” adlı tədbir keçirilib. Filialın akt zalında keçirilən tədbirdə bu ali təhsil ocağının müəllim və tələbələri, ziyalılar, həmçinin respublikamızın 30-dək şəhər və rayonundan olan fəal müəllimlər iştirak ediblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, vətənpərvər, millətinin varlığını hər şeydən uca tutmağı bacaran, həyatının hər anını xalqının taleyinə bağlayan, xeyirxah, yaradıcı dahi şəxsiyyətlər əbədiyaşarlıq qazanır. İncəsənət ustalarının təqdim etdiyi konsertdən sonra tədbir ayrı-ayrı panellər üzrə təlim proqramları ilə davam etdirilib. Təlimlərdə “ERASMUS”, “Sabahın alimləri” respublika müsabiqəsində xüsusi istedada malik şagirdlərin yaradıcılıq qabiliyyətinin üzə çıxarılması, “Qrant layihələrin müsabiqəyə təqdim olunması və icra edilməsi”, “ETWİNNİNG layihələrinin məktəblərdə tətbiqi və səmərəsi”, “Məktəbəqədər təhsildə layihə əsaslı öyrənmə”, “İnklüziv təhsillə gələcəyə doğru”, “Yeni metodologiyalar əsasında öyrənmə” və digər mövzular müzakirə olunub.

Dünəndən başlayan qeyri sabit hava şəraiti, normadan artıq yağıntılar səbəbindən gələn sel Şəkinin 1010 nəfər sakinin yaşadığı Cunud kəndində fəsadlar törədib. Belə ki, dərələrdən gələn yağış suları kəndi rayonla birləşdirən yolu yuyaraq yararsız hala salıb və bu zaman hərəkətdə olan kənd sakini Royal Nadirova məxsus Vaz 2106 markalı avtomobili də özü ilə aparıb. Avtomobilə ciddi ziyan dəysə də xoşbəxtlikdən insan tələfatı olmayıb. Şəki rayonun rəhbər şəxsləri hadisə yerində olublar. Vəziyyət nəzarətə götürülüb. Avtomobil sudan çıxarılıb. Kəndin elektrik təminatı bərpa olunub, mağazalar və digər vacib obyektlər işlək vəziyyətə gətirilib. Sel səbəbindən evinə qayıda bilməyən sakinlər xüsusi texnikaların köməkliyi ilə qarşı tərəfə keçiriliblər. Qeyd edek ki, rayonda qeyri sabit hava şəraiti davam edir.

Şəkidə "Şəki mənzərələri" adlı rəsm sərgisi keçirilib. Ulu öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr edilmiş sərgidə bir çox fərqli əl işləri nümayiş etdirilib. Burada kətan üzərində çəkilmiş Şəki mənzərələri, kötüklərin üzərində çəkilmiş rəsm əsərləri, fərqli dizaynda bəzədilmiş boşqablar və sair əsərlər sərgilənib. Rəssam Rəsmiyyə Mahmudova və tələbələri tərəfindən ərsəyə gətirilmiş bu incəsənət əsərləri sərgiyə gələnləri də valeh edib. Çıxış edənlər sərgi barədə ətraflı məlumat veriblər. Həmçinin millət vəkili də öz növbəsində rəsm əsərlərini yüksək qiymətləndirib və rəssamlara öz fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda sərgidə əl işləri nümayə etdirilən tələbələr diplomla mükafatlandırılıb.

Şəkinin kəndlərində yerləşən əksər tibb məntəqələri 21-ci əsrin səhiyyəsi ilə müqayisə edildikdə xeyli geridə qalır.  Əksəriyyəti ötən əsrdən tikilən binalar artıq uçmaq üzrədir.  Elə məntəqə işçiləri də çalışdıqları şəraitin idealdan uzaq olduğunu etiraf edirlər. Bəzi məntəqələr isə ya uyğunlaşdırılıb, ya da ki, bir neçə idarənin fəaliyyət göstərdiyi binada yerləşir. Bu isə tibb məntəqəsinin fəaliyyəti üçün heç də uyğun deyil. Nəzərə alsaq ki,  məntəqələrə xəstə, səhhətində problem olan insanlar müraciət edir, bu zaman yoluxucu xəstəliyi olan şəxs digər idarə əməkdaşları üçün də təhlükə törədir. Problem sadəcə məntəqə binasının vəziyyəti ilə də bitmir. Tibb məntəqələrinin əksəriyyətində heç bir müasir avadanlıq, eləcə də dərman vasitəsi yoxdur.  Əlbəttə tibb məntəqələrinin əməkdaşları ilkin tibbi yardım göstərə bilir. Əsasən də peyvəndləmə ilə məşğul olurlar. Ancaq hər hansı ciddi bir problem yaranarsa sakinlər məcbur olub şəhərə üz tuturlar. Məsələ ilə bağlı TƏBİB-dən bildirldi ki, qurumun fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində  tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Hazırda kənd tibb məntəqələrinin fəaliyyətinin optimallaşdırılması məsələsi nəzərdən keçirilir. Hazırda dəyərləndirmə aparılır, təmir-bərpa işlərinin aidiyyəti dövlət qurumları tərəfindən planlı şəkildə həyata keçirilməsi planlaşdırılır.

Şamaxıda şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib. Şamaxı Müalicə Diaqnostika Mərkəzində baş tutan aksiya “Regional İnkişaf” İctimai Birliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Aksiya çərçivəsində Şamaxı və ətraf rayonlarda yaşayan, qeyd edilən həssas kateqoriyalardan olan 200-ə yaxın vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib. Bakıdan dəvət edilən həkimlər tərəfindən aparılan müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicə kursları təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib. Bu tip müayinələrin digər regionalarda da aparılması nəzərdə tutulur.

Qax rayonunun Kürmük çayı üzərində qurulmuş bu dəmir konstruksiyalı körpü qədimliyi ilə diqqət çəkir. Uzunluğu 93 metr, eni isə 5,55 metr və iki aşırımdan ibarət olan körpünün tikilişində kiçik bir hissədə belə, qaynaq işi aparılmayıb. Yalnız pərçimləmə yolu ilə tikilib. Körpünün salınmasında məqsəd isə rayonun bir sıra kəndlərinin və qonşu Şəki rayonunun Qaxla əlaqəsinin yaradılması olub. Metal konstruksiyalı bu körpü dövlət tərəfindən tarixi abidə kimi qeydiyyata götürülüb və qorunur. Qeyd edək ki, hazırda qismən istifadə olunsa da körpünün bərpasına və asfaltlanma işlərinin aparılmasına ciddi ehtiyac var.  

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin bölgənin təhsil ictimaiyyətinə təqdim edilməsi münasibətilə mərasim keçirilib. Çıxış edənlər regional təhsil idarələrinin yaradılmasının zəruriliyi və idarələrin qarşısında duran vəzifələr barədə geniş məlumat veriblər. Regional idarənin mərkəzi Şəki şəhəri müəyyən olunub. Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək, idarənin qarşısında duran prioritet istiqamətləri, vəzifələri, görüləcək işləri diqqətə çatdırıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim edilib. Alekseyevka kənd tam orta məktəbində keçirilən tədbirdə çıxış edənlər bildirib ki, regional təhsil idarələrinin yaradılması təhsilalanların və təhsilverənlərin hüquqlarının təmin olunmasında, həyata keçirilməsində səmərəli bir mexanizm, təhlükəsiz və sağlam bir mühit yaradacaq. Təqdimatda regional idarəyə müdir təyin olunan Rüfət Hacıyev üzərinə düşən vəzifələrin yerinə yetirilməsində əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinə müdir təyin olunan Elxan Nəcəfov da Regional Təhsil İdarəsinin kollektivinə təqdim edilib. Bu münasibətlə keçirilən tədbirdə dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışılıb. Elxan Nəcəfov çıxışında qarşıda duran vəzifələrin və öhdəliklərin uğurla icra olunacağına əminliyini ifadə edib.

Şamaxıda da Dağlıq Şirvan Regional Təhsil İdarəsi fəaliyyətə başlayıb. Regional təhsil idarəsinin müdiri təyin olunan Rövşən Əliyevin təqdimatı olub. Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, sağlam təhsil sisteminin yaradılması istiqamətində həyata keçirilən tədbirlər xüsusi vurğulanıb. Rövşən Əliyev üzərinə düşən vəzifələrin yerinə yetirilməsində əlindən gələni əsirgəməyəcəyini söyləyib.

537 -dən səhifə 589

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S