Super User

Super User

Bazar ertəsi, 09 May 2022 12:24

Bostana qulluq | Kəndimiz 61-ci veriliş

Çin xalq respublikasından gətirilmiş ipəkqurdu toxumları Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Artıq toxumlardan alınan qurdlar müəyyən olunmuş qaydada kümçülərə paylanır. İlk öncə 6500 qutu ipəkqurdu toxumları respublikanın aran bölgəsində paylanılıb. Hal-hazırda isə 3500 qutu ipəkqurdu şimal bölgəsi üzrə paylanılır. Qəbələ sakinləri də ipəkqurdu almaq ücün məntəqəyə üz tutub və onlar bu il də yüksək məhsul almağı planlaşdırırlar. Həmçinin bu ildən başlayaraq Qax Damazlıq İpəkçilik Stansiyasında ipəkqurdu toxumlarının hazırlanmasına başlanılıb. İlk olaraq 1130 qutu ipəkqurdu toxumu hazırlanıb ki, bu da Qax və Zaqatala kümdarlarına paylanılıb. Qeyd edək ki, bu il respublikada yaş baramanın qiyməti 9 manatdan 11 manata qaldırılıb.

“Şuşa İli” ilə bağlı tədbirlər davam edir. Şəkidə "Şuşa sən azadsan" adlı tədbir keçirilib. Şəhər ictimaiyyətinin, şəhid ailələri, qazilər, gənclərin iştirak etdiyi tədbirdə Azərbaycan uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi yad edilib. Qarabağın, o cümlədən Azərbaycan mədəniyyətinin, xüsusilə musiqinin, muğam sənətinin beşiyi Şuşanın zəngin tarixindən, işğal dövründə məruz qaldığı dağıntılardan, igid ordumuzun inanılmaz əməliyyatla Şuşanı azad etməsindən söz açılıb. Hazırda Şuşada abadlıq quruculuq işlərinin aparılması ilə öz əvvəlki füsunkar gözəlliyinə qayıdacağına əminlik vurğulanıb. Sonra tədbir iştirakçıları Şəki Regional Kollecinin müəllim və tələbələrinin təqdimatında maraqlı konsert proqramına tamaşa ediblər.  Konsert proqramında ölkəmizi, xüsusən də Şuşanı vəsf edən mahnıların, mədəniyyət beşiyimizin yetişdirdiyi incəsənət xadimlərinin əsərləri ifa edilib. 

Şəkidə "Rənglənmiş tarix" - Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğatı layihəsi həyata keçirilib. Layihənin məqsədi Şuşa musiqiçilərinin tanıdılmasında gənclərin rolunun artırmaqdan ibarətdir. Effektivliyin artırılması üçün layihədə gənclərin marağına səbəb olan üsullardan istifadə edilir. Sərgidə iştirak edən gənclər Şuşa musiqiçilərinə məxsus fotoların sosial platformalarda geniş kütləyə çatdırılmasına təşviq ediləcək. İcra müddəti 3 ayı əhatə edən layihə üçün seçilmiş fotoşəkillərin bərpası davam edir və yekunlaşma mərhələsindədir. Ağ-qara fotoların rənglənməsi qrafik dizayner tərəfindən həyata keçirilir. Qeyd edək ki, rənglənən fotolar arasında Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, Seyid Şuşinski kimi musiqiçilərin fotoları yer alıb.

Şəki şəhəri ərazisində yerləşən qapı-pəncərə sexlərinin birindən 15 000 manatlıq oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 2 000 manat nəğd pulun, 6 000 manat dəyərində materialların oğurlandığını və “VAZ-2104” markalı avtomobilin qaçırıldığını bildirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin həmin qapı-pəncərə sexinin işçisi Hümmət Məmmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Davam etdirilən tədbirlərlə onun Hacıqabul rayonunda da mağazadan oğurluq etdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində qaçırdığı nəqliyyat vasitəsini satdığını, eləcə də cinayət yolu ilə əldə etdiyi pulları xərclədiyini bildirib. Faktlarla bağlı cinayət işi başlanılıb, Hümmət Məmmədovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

“Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda sosial müəssisə açılıb. Müssisənin istifadəyə verilməsində məqsəd tənha anaların sosial həyatda fəal iştirakını gücləndirməyə kömək etmək və qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün geniş imkanlar yaratmaqdır. Layihə çərçivəsində ilk olaraq uşaqlarını tək böyüdən və çoxuşaqlı anaların seçimi aparılıb. Uyğun namizədlərə KOBİA tərəfindən biznes təlimləri keçirilib və təlimin sonunda qiymətləndirmə aparılıb. Layihəyə cəlb olunmuş şəxslərə Dövlət Məşğulluq Agentliyinin banklarla birgə icra etdiyi “Özünüməşğulluğa dəstək” layihəsi çərçivəsində dərzilik fəaliyyəti üzrə avadanlıqlar təqdim edilib. “Azəriqaz” İB-nin bazasında olan məkanlardan biri təmir edilərək sosial müəssisə formasında layihə iştirakçılarının istifadəsinə verilib. Növbəti mərhələdə Şamaxı rayon İcra Hakimiyyəti müəssisədə istehsal olunacaq məhsulların satışına dəstək göstərəcək.

Şamaxı rayonunun Sabir qəsəbəsində yaşayan Nasxanım İmaməliyeva 1917-ci ildə Ağsu rayonunun Bicov kəndində dünyaya göz açıb. 105 yaşlı bu ağbirçək nənə uzun müddətdir ki, Şamaxıda qızı ilə birgə yaşayır. Nasxanım nənədən uzunömürlü, gümrah və cavan qalmasının sirrini soruşanda məlum oldu ki, o, gündə 3 dəfə və həmişə eyni vaxtda yemək yeyir, rejmini heç vaxt pozmur. Agbirçək nənə deyir ki, stolun üstündə nə qədər naz-nemət olsa da, ancaq bir növ qida ilə kifayətlənmək lazımdır, yeməkləri qarışdırmaq olmaz .  Qızı deyir ki, nənə ancaq təbii ərzaqlarla qidalanır. Menyusunda hər gün təbii bal və tərkibi müxtəlif tərəvəzlərdən ibarət yemək olur.  Boyat çörək və ya yeməyi ümumiyyətlə yemir. Şamaxının 105 yaşlı sakini üzunömürlü olmasının əsas səbəbini qoyun ətini yeməsində görür. 105 yaşlı nənə bu yaşına qədər mal, toyuq əti, ümumiyətlə qoyun ətindən başqa ətləri yemədiyini deyir. Əməksevərliklə bir əsr yaşayan Nasxanım nənə, uzun müddət üzüm bağlarında, pambıq sahələrində işləyib. Çalışdığı yerlərdədə qabaqcıl işçi olduğuu üçün bir sıra mükafatlar alıb. 2 ci dünya müharibəsində arxa cəbhədə də xidmət edib. Yaxınları deyir ki, nənə 106-cı yaşını qeyd etməyə hazırlaşır. Yaşının çox olmasına baxmayaraq o, özunü gümkrah hiss edir. Qeyd edək ki, 105 yaşlı Nasxanım nənənin 4 övladı, 15 nəvəsi, 20 nəticəsi, 2 də kötükçəsi var.

Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Musa Yaqubun vəfatından bir il ötür.  İsmayıllı rayonunun Buynuz kəndində Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. Tədbirdə rayon administrasiyasının, Yazıçılar Birliyinin rəsmiləri, şairin ailə üzvləri, qələm dostları, ziyalılar iştirak ediblər.  Çıxış edənlər şairin həyat yoluna, yaradıcılığına, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərinə nəzər salıb, xatirələrini bölüşüblər. Görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən ziyalılarından olduğu, hər zaman xalq tərəfindən sevildiyi vurğulanıb. Daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub, önünə əklil qoyulub. Abidəni Xalq rəssamı, heykəltəraş Natiq Əliyev hazırlayıb.  Tədbirdə şairin qələm dostları Musa Yaqub yaradıcılığından şeirlər səsləndiriblər.

536 -dən səhifə 589

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S