Şəki Dövlət Dram Teatrında yerli rəssam və dekorativ- tətbiqi sənət ustalarının əsərlərindən ibarət “Gələrsən, görərsən” adlı sərgi təşkil edilib. Azərbaycan Rəssamlar İttifaqının Şəki təşkilatının təşəbbüsü ilə yaradılan sərgidə 50-dək şəkili rəssam və sənətkarın 110 əsəri nümayiş olunur. Çıxış edənlər belə sərgilərin təşkilinin qədim diyarın mədəni irsinin təbliğinə, şəkili rəssamların, sənətkarların, dekorativ-tətbiqi sənət ustalarının yaradıcılığının inkişaf etdirilməsinə müsbət təsir göstərdiyini vurğulayıblar. Daha sonra ziyarətçilər sərgilənən əsərlərlə tanış olublar. Tamaşaçıların böyük maraq göstərdiyi sərgi iyulun 7-dək davam edəcək.