Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şəki şəhərində müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına verdiyi töhfələrdən danışıb. Daha sonra intellektual oyuna start verilib. Oyunda 17 komandanın iştirak edib, onlara Ümummilli lider Heydər Əliyev, Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi və ümumi biliklərlə bağlı ümumilikdə 30 sual verilib. Gərgin və maraqlı keçən mübarizənin sonunda “Bizim Cəbiş müəllim” komandası birinci, “44” komandası ikinci, “Elm keşikçiləri” komandası isə üçüncü yerə layiq görülüb. Sonda yer tutan komandalara diplom və medallar, qalib komandaya isə kubok təqdim edilib.