Çərşənbə axşamı, 08 Oktyabr 2024 15:54

Gürcüstanla sərhəddə zərərvericilərə qarşı mübarizə tədbirləri

Gürcüstanla sərhəd ərazilərdə Qəhvəyi mərmər bağacığı adlanan zərərverici kütləvi müşahidə edilir. Bu səbəbdən dövlət sərhəd buraxılış məntəqələrində zərərvericiyə qarşı mübarizə tədbirlərinə başlanılıb.
 
Qəhvəyi mərmər bağacığının qışlama mərhələsinə keçməsi ilə əlaqədar mübarizə tədbirləri gücləndirilib. Zərərvericinin ölkəmizə daxil olan nəqliyyat vasitələri ilə daşınmasının qarşısını almaq məqsədilə Gürcüstanla sərhəddə yerləşən dövlət sərhəd buraxılış məntəqələrində və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin BöyükKəsik dəmiryol stansiyasında dezinfeksiya işləri aparılır.
 
Qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir. Məhsudarlığa ciddi ziyan vuran zərərverici əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Bağ və əkin sahələri ilə yanaşı, mübarizə tədbirləri yaşayış evləri və ictimai iaşə obyektlərində də həyata keçirilir. Ancaq görülən bütün tədbirlərə baxmayaraq, qonşu Gürcüstanda kütləvi yayılan bu zərərverici ordan təkrar sərhəd ərazilərə daxil olur.
 
Zərərvericiyə qarşı mübarizə tədbirlərinin effektivliyini təmin etmək məqsədilə il ərzində qışlama yerlərinin monitorinqi keçirilib. Bu ilin mart ayından başlayaraq 52 rayonda 14484 ədəd feromon tələ quraşdırılıb. Zərərvericinin yetkin fərdləri əsasən şimal-qərb və qərb bölgələrində quraşdırılmış feromon tələlərdə müşahidə edilib. Sirayətlənmə səviyyəsinin yüksək olduğu ərazilərdə bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla kimyəvi mübarizə tədbirləri davam etdirilir.

 

 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S