Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü, habelə ictimaiyyətin prokurorluq orqanlarının fəaliyyətinə marağı nəzərə alınaraq, Şəki rayon prokurorluğunda “Açıq qapı günü” təşkil edilib.
Şəki rayon prokurorluğunun yeni istifadəyə verilmiş inzibati binasında keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini tanış etmək olub.
Tədbir zamanı Şəki rayon prokuroru, Baş Prokurorluğun əməkdaşı və digər prokurorluq əməkdaşları qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı məlumat veriblər. Həmçinin ağır, çətin və şərəfli peşə olan prokurorluq əməkdaşının gündəlik həyat tərzindən bəhs edən “Valideynimin peşəsi” adlı qısa metrajlı filmi nümayiş olunub.
Daha sonra iştirakçılar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani olaraq tanış olub, onlara “Elektron prokurorluq” informasiya sistemi göstərilib. Sonda xatirə fotoşəkli çəkdirilib.
Şənbə, 14 Sentyabr 2024 10:49