Bir müddət öncə yağan yağışlar Qəbələnin Tikanlı və Uludaş kəndlərində sel təhlükəsini artırıb. Dağ ətəyində yerləşən hər iki kənd çayların əhatəsindədir. Normadan artıq yağan yağıntılar səbəbindən çaylarda sululuğun artması kənd sakinlərinin narahatlığına səbəb olub.
Bum çayının sağ sahilində yerləşən Uludaş kəndinə demək olar ki, hər yağışdan sonra sel gəlir. Bəndin olmaması səbəbindən kəndə doğru axan su və lil qatı təsərrüfatlara ziyan vurur. Digər tərəfdən, sel suları kənd yollarında hərəkəti də müşkülə çevirir. Sakinlər təcili yardım maşınlarının yola görə kəndə gəlməkdən imtina etdiklərini bildirirlər. Nəticədə həkimə ehtiyac duyan xəstələr çarəsiz qalır.
Qəbələ Suvarma sistemləri idarəsindən isə bildirildi ki, problemdən xəbərdardırlar. Təhlükənin aradan qaldırılması üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib, müəyyən işlər görülüb. Sakinlərə isə ümid etmək qalır ki, həmin bənd salınanadək güclü yağıntılar davam etməsin.
Çərşənbə, 10 İyul 2024 13:22