Şəkinin Dodu məhəlləsi su sarıdan əziyyət çəkir. Məhəllə sakinləri bildirir ki, hər il içməli suya tələbatın çox olduğu yaz-yay aylarında problem yaşayırlar. İllər öncə çəkilən su sistemi artıq istismar müddətini başa vurduğundan hər yağışdan sonra sıradan çıxır. Nəticədə onsuz da lilli, istifadəyə yararsız şəkildə verilən su günlərlə gəlmir. Məhəllə sakinləri yeni su-kanalizasiya xəttinin çəkilişinin ləngidiyini və təmiz sudan istifadə etmək istədiklərini deyirlər.
Məsələ ilə əlaqədar Şəki Sukanal Törəmə ASC-yə müraciət etdik. Qurum rəsmisi problemin niyə həll edilmədiyini açıqladı. Belə çıxır ki, müqaviləsi olmayan vətəndaşlar yeni su-kanalizasiya sistemi çəkilənədək suyu pulla almalıdır. Onda sual yaranır, qurum vətəndaşa haqqı olan lazımı xidməti göstərmədiyi halda bunu niyə kompensasiya etmir?!
O ki, qaldı Şəki şəhərində illərdir davam edən yeni su-kanalizasiya çəkilişinin ləngiməsinə Su Ehtiyatları Agentliyindən bildirildi ki, işlərin 69 faizi yekunlaşıb. 2025-ci ildən isə layihənin növbəti mərhələsinə start veriləcək. Şəhərin ən böyük iki məhəlləsi - Dodu və Gəncəli məhəllələrində yeni nasos stansiyaları tikildikdən sonra əhali 24 saat içməli su ilə təmin olunacaq.
Çərşənbə axşamı, 09 İyul 2024 12:26