Bir neçə gün öncə İsmayıllının Qoydan kəndində baş verən torpaq sürüşməsi və sakinlərin təhlükə ilə bağlı yardım çağırışı barədə məlumat vermişdik. Aidiyyatı qurumlar daha sonra əraziyə baxış keçirib, fəlakətlə bağlı yaranan komissiyanın sakinlərin dərhal təxliyyə edilməsi ilə bağlı qərarından sonra işlərə başlanılıb. Artıq Qoydanda lələ köçüb, yurdu qalıb.
İsmayıllının Qoydan kəndində son günlər yağan yağışlar nəticəsində baş verən torpaq sürüşməsindən sonra sakinlər təxliyyə edilib. Artıq 19 ev-25 ailə digər ərazilərə köçürülüb. Köçürülmə prosesi zamanı sürüşməyə məruz qalan evlərdən birində uçma baş verib. Evləri ilə yanaşı, təsərrüfatları, əkin sahələri də palçıq qatı altında qalan sakinlər FHN qüvvələrinin yardımı ilə kəndi tərk edib.
Təhlükəsizlik baxımından doğma kəndlərini tərk etmək üçün verilən qərarın doğru olduğunu hesab edən Qoydanlılar bunun maddi və mənəvi tərəfdən onlara təsirsiz ötüşməyəcəyindən narahatdılar.
Qeyd edək ki, bölgədə hazırda yağmursuz hava müşahidə edilsə də torpaq sürüşməsi aktivdir. FHN qüvvələri sakinləri tamamilə köçürülən kənddə son işləri həyata keçirir.
Bazar ertəsi, 01 İyul 2024 13:17