Lahıc-Dəmirçi-Şamaxı yolunda torpaq sürüşməsi nəticəsində avtomobil yolunun İsmayıllı rayonundan keçən bəzi hissələrində asfalt örtüyü çöküb. Yolun hərəkət hissəsində zolaqlardan biri keçilməz vəziyyətə düşüb.
İsmayıllıda yağıntılardan sonra Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolundakı sürüşmə zonalarında aktivlik müşahidə olunur. Bəzi hissələrdə çökmələr əmələ gəlib. İki kəndi birləşdirən yolun 20-yə yaxın hissəsində iri çatlar yaranıb. Əsasən yolun sağ və sol yamaclarından başlayan torpaq axını və çatlar asfalt örtüyünə xeyli ziyan vurub, Lahıc istiqamətində asfalt örtüyü iki yerə bölünərək, 45-50 santimetr enində iri yarğanlar əmələ gətirib.
Yolun sıradan çıxması ən çox sürücülərin işini çətinləşdirib. Ərazidə xəbərdaredici nişanların olmaması təhlükəni daha da artırıb. Xüsusilə də yola nabələd olan sürücülər qəza vəziyyəti ilə üzləşiblər. Ötən gün baş verən uçqundan sonra İsmayıllı-Lahıc avtomobil yolu da bağlı olduğundan Lahıc-Dəmirçi yolu İsmayıllının rayon mərkəzi ilə əlaqəsi kəsilən bir çox kəndinin, həmçinin Lahıcdakı turistlərin Bakıya qayıda biləcəyi əsas yol hesab edilir. Qeyd edək ki Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolu 2018-ci ildə yenidən qurularaq istifadəyə verilib.
Cümə, 28 İyun 2024 14:46