Kənd sakinləri yaz və yay aylarında problemin daha da kəskinləşdiyini deyirlər. 500-dən çox əhalisi olan kənd səfalı ərazidə yerləşsə də, kənd sakinləri səfadan çox cəfa çəkir. Sakinlərin sözlərinə görə kənd ərazisində cəmi 2 ədəd artezian var və bu da kəndin su ehtiyacını ödəmir.
Belə ki, sakinlər həmin artezianlara suyun saatla verildiyini və bu vaxtın onların suya olan tələbatını qarşılamadığını deyirlər. Eyni zamanda quraqlıq səbəbindən sakinlərin təsərrüfatına da ciddi ziyan dəyir. Suvarma suyunun da yətəri qədər olmadığını deyən sakinlər əkin biçinlə məşğul ola bilmirlər.
İçməli suya olan tələbatlarını ödəmək üçün kənd sakinləri su almalı olurlar. Bu da öz növbəsində onların büdcəsinə ciddi təsir göstərir. Kənd sakinləri aidiyyatı qurumlara dəfələrlə müraciət etdiklərini lakin heç bir nəticənin olmadığnı bildiriblər. Məsələ ilə bağlı Qəbələ Suvarma Sistemləri idarəsinin Qəbələ Artezianlar sahəsi üzrə sahə rəisi Ağabəy Ağayev sakinlərin iddialarına cavab olaraq kənddə 4 artezianın olduğunu bildirdi.
O, həmçinin yeni, 5-ci subartezian quyusunun da qazıldığını və yaxın vaxtlarlda istifadəyə veriləcəyini qeyd edib. Dövlət Su Ehtiyyatları Agentliyindən isə vəziyyətdən xəbərdar olduqlarını və yaxın gələcəkdə problemin həlli istiqamətində işlərin görüləcəyini vurğuladılar. Rəsmi şəxslərin hər biri artezian sayı ilə bağlı fərqli fikir söyləyir. Nəticə isə odur ki, əhali susuz qalıb. İndi tək çarələri verilən vədlərin reallaşacağı günü gözləməkdir.
Çərşənbə axşamı, 18 İyun 2024 13:43