Cümə axşamı, 30 May 2024 14:29

Etibarnaməyə etibar etmək olar?

Etibarnamə ilə satın alınan avtomobil sonradan üçüncü şəxsə satıla bilir. Ancaq bu sənəd avtomobilin şəxsiləşdirilməsi anlamına gəlmir. Bu səbəbdən etibarnamə ilə avtomobil alan bəzi insanlar sonradan müəyyən problemlərlə üzləşirlər. Şamaxı sakini Kənan Məmmədov kimi... O, bir müddət əvvəl etibarnamə ilə aldığı minik avtomobilini idarə edə bilmir, nəqliyyat vasitəsinə həbs qoyulub. Səbəbini araşdırdıqda öyrənib ki, avtomobili etibarnamə ilə satan əsl sahibi banklardan kredit ala bilmədiyi üçün telefon dükanından kreditə telefon alıb və onu sataraq pulu nağdlaşdırıb. Krediti ödəmədiyi üçün etibarnamə ilə satdığı avtomobilə həbs qoyulub. Nəticədə ziyan nəqliyyat vasitəsinin indiki sahibinə dəyib. Artıq 3 aydır ki, Kənan Məmmədov nağd şəkildə aldığı avtomobilindən istifadə edə bilmir. Zərərçəkən nəqliyyat vasitəsinin əsl sahibini taparaq məsələni kökündən həll etməsini istəyib. Amma qarşı tərəfin bu işdə maraqlı olmadığını görüb. Ekspertlərsə əmlakın şəxslər arasında bir-birinə ötürülməsinin yalnız alqı-satqı müqaviləsi əsasında həyata keçirilməli olduğuna diqqət çəkir. Əks təqdirdə yaranan bu cür problemdən yeganə çıxış yolunu isə məhkəməyə müraciət etməkdə görürlər. Ancaq məhkəmədə həmin avtomobilin etibarnamə ilə başqa şəxsə satılmasını sübut edə bilmədikdə isə avtomobili etibarnamə ilə almış faktiki sahib məhkəmədə hüquqi cəhətdən haqsız duruma düşür. Nəticədə həbs qoyulmuş avtomobil hərrac vasitəsi ilə satılaraq, banka olan borc ödənilir. Bir sözlə, adından da göründüyü kimi etibarnamə verən şəxs sizə öz əmlakını satmır, sadəcə etibar edir. Odur ki, xoşagəlməz sürprizlərlə üzləşmək istəmirsinizsə alqı-satqı prosesində diqqətli olmaq vacibdir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S