Şəki şəhər Kimya-Biologiya Təmayüllü liseydə narkomaniya ilə mübarizə və Dini Radikalizm mövzusunda tədbir keçirilib. Şəki ŞRPŞ rəsmilərinin iştirak etdiyi tədbirdə narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizə və əldə olunan nəticələrdən bəhs olunub.
Vurğulanıb ki, narkotik vasitələrin əsas qurbanlarını təhsildən uzaqlaşan gənclər təşkil edir. Bu gün ölkədə 30 mindən çox qeydiyyatda olan narkotik vasitə istifadəçisi var ki, onlardan 350 nəfəri Şəkinin payına düşür. Hansı ki, bu rəqəmlər yalnız qeydiyyatda olan istifadəçiləri əhatə edir. Odur ki, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işi daim diqqət mərkəzində saxlanılmalıdır.
Tədbirdə dini radikalizm və onun fəsadları, xurafat və cəhalət carçılarına qarşı mübarizə metodlarından danışılıb, erkən nikah və onun fəsadlarından bəhs olunub. Vurğulanıb ki, cəmiyyətimizin sağlam olması üçün gənclər yaxşı təhsil almalı və dövlətimizə daim bütün işlərdə dəstək olmalıdırlar. Sonda narkomaniyanın zərərlərindən bəhs edən videoçarx nümayiş olunub.
Şənbə, 25 May 2024 12:22