Martın 3-də keçirilən buraxılış imtahanında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticə əldə edib. Yüksək nəticə əldə edən şagirdlər Bakı, Gəncə, Abşeron, Şəki və Qəbələdəki dövlət ümumitəhsil müəssisələrinin şagirdləridir. Maraqlısı odur ki, 300 bal toplayanların 6-sı Şəki-Zaqatala Regional Təhsil idarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləridir. Şəki rayonunda yüksək nəticələri əldə edənlər Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdi Amalya Əliyeva, 5 nömrəli tam orta məktəbin şagirdi Fatimə Teymurlu, 18 nömrəli məktəbin şagirdi Zərifə İlyasovadır. Diqqət çəkən digər bir məqam isə ölkə üzrə ən yüksək nəticəni əldə edənlərdən 13-ünün qız, yalnız birinin oğlan olmasıdır ki, o da Qəbələ rayon Həmzəli kənd orta məktəbinin şagirdi Elşən Yusibovdur. Nohurqışlaq kənd tam orta məktəbinin şagirdi Səidə Rəhimova və 4 nömrəli tam orta məktəbin şagirdi Lalə Xancanova da buraxılış imtahanında maksimum nəticəni əldə edərək 300 bal toplayıblar. Abituriyentlər növbəti imtahanda da eyni nəticəni əldə edəcəklərinə inanırlar. Biz də onlara hədəflərinə çatmaq üçün uğurlar arzu edirik.