Qədim Azərbaycan şəhəri Şamaxı 1918-ci ilin martında erməni-daşnak qüvvələrinin dəhşətli talan və vəhşiliklərinə məruz qalmışdır. Fövqəladə Təhqiqat Komissiyanın üzvləri tərəfindən Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı.Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ birinci dünya müharibəsi başlandığı vaxtlardan özünü büruzə verməyə başlamışdır. Azərbaycanlılara qarşı onlar özlərini çox təkkəbbürlü aparır, onların milli və dini heysiyyətlərini açıqca təhqir edirdilər.Şamaxıda çar hakimiyyət orqanlarının ləğvindən sonra ermənilər gizli surətdə silah anbarını ələ keçirib bu haqda qəza komissiarına və yerli müsəlman Milli Şurasına məlumat vermədilər. Onlar ermənilərdən və molokanlardan ibarət hərbi qarnizon təşkil edərək oraya müsəlmanları buraxmırdılar. Azərbaycanlılar qarnizona girməyə nail olduqda isə erməni əsgərləri onlara qarşı düşmənçilik edir, onları təhqir edir və incidirdilər. 1918-ci il martın 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı sakinləri top atəşlərinin səsinə oyandılar və şəhərin cənubdan ermənilər, şimal-şərqdən isə molokanlar tərəfindən mühasirəyə alındığını gördülər. Şəhərin azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tutdular. Bu hücum müsəlmanlar üçün tam gözlənilməz oldu. Ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağılasığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirdilər. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyitləri atılıb qalmışdı. Onların döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla işgəncələrə məruz qalmışdı. Küçələrdə diri-diri pazlara mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarət və talan edilmiş əmlakları araba və furqonlarla erməni və molokan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam etdi. Erməni silahlı birləşmələri martın 18-də sübh çağı Şamaxı şəhəri ilə yanaşı, onun 3-4 verstliyində yerləşən Əngəxaran kəndində də qəfil hücum etdilər.