Çərşənbə axşamı, 19 Mart 2024 13:00

Şəhid əmisinin qisasını aldı, özü də şəhid oldu...

Necə də səbirsizlənirdi səngərlərə, Vətən eşqiylə tutuşub yanırdı. Məktəbi bitirər-bitirməz ailəsinin ali təhsil almaq təklifini rədd edib hərbi xidmətə yollandı, çünki vədi vardı, söz vermişdi, amma özlüyündə bilirdi şəhid olacağını, ürəyinə dammışdı sanki. Anasına: “Mən şəhid olacam, şəklimi böyütdürüb yolumuza vurarsız”, demişdi. Belə də oldu, sən demə Fərid düz deyirmiş...

Fərid Alıyev 2005-ci ilin 12 martında dünyaya göz açıb. Orta təhsilini Şamaxı şəhər 10 saylı orta məktəbdə bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidməti dövründə alicənablığı və zəhmətkeşliyi ilə elə seçilirdi ki, komandirləri belə onunla xidmətə çıxmaqdan zövq aldıqlarını deyirlər. Xüsusən, ötən il ordumuz tərəfindən keçirilən lokal anti-terror əməliyyatları zamanı Fərid saysız-hesabsız şücaətlər göstərib.

Terroristlərin canlı qüvvəsi və texnikasının məhv edilməsində əvəzsiz xidmətlər göstərib. Onunla bacara bilmədiklərini görən terrorçular Fəridin adını xüsusi axtarışa verib, bu minvalla Şuşa ərazisində snayper gülləsinə tuş gələrək ağır yaralanıb və şəhadətə ucalıb. Fəridin əkiz qardaşı var, adı da Amindir, Amin Alıyev. O da hal-hazırda hərbi xidmətdədir, qorxmadan, çəkinmədən, eynilə əmisi və qardaşı kimi qəhrəmancasına xidmət edir.

Qeyd etdiyimiz kimi, yaşasa idi, martın 12-si 19 yaşını qeyd edəcəkdi. Onun doğum günü qəbiristanlıqda məzarı önündə qeyd olunub.Bu münasibətlə Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdəşları, qazilər və şəhidin yaxınları o cümlədən ictimaiyyət nümayəndələri və rayon sakinləri şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Çıxışçılar şəhid Fəridin şərəfli ömür yolundan,vətənpərvərliyindən, onun vətəninin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından danışılıb. Qeyd edək ki, Fərid Alıyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub. Ruhun şad, məkanın cənnət, doğum günün mübarək olsun, şəhidim!

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S