Xalqımızın əziz bayramı Novruzun gəlişi Şamaxıda yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Bayram münasibətilə Şamaxı şəhəri Novruz atributları ilə bəzədilib, rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş şənlik keçirilib. Tədbirdə rayon rəsmiləri, sakinlər və rayona gələn qonaqlar iştirak ediblər. Təbiətin oyanışını bildirən səməni və digər Novruz atributları ilə bəzədilən parkda tədbir iştirakçılarına xalqımıza məxsus qədim məişət əşyaları və sənət nümunələri, eləcə də şagirdlərin əl işlərindən ibarət sərgilər nümayiş olunub. Bayram tədbirində iştirakçılara müxtəlif çeşidli milli yemək növləri və şirniyyatlar təqdim edilib. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətlərini bir daha yada salıblar. Kəndirbazların və pəhləvanların çıxışları, rayon idmançılarının nümayiş etdirdikləri nümunəvi idman hərəkətləri də izləyicilər tərəfindən maraqla qarşılanıb. Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Milli geyimli uşaqlar meydanda rəqs ediblər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğurub. Ənənəyə uyğun olaraq bayram tonqalı qalanıb. Daha sonra xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılıb. Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb.