Oğuzun Xaçmazqışlaq kəndində maraqlı bir layihə həyata keçirilib. Kəndin küçələrində Azərbaycanın dahi şəxsiyyətlərinə aid kiçik, məlumatlandırıcı lövhələr yerləşdirilib. Bunların arasında Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimov və Mübariz İbrahimov, həmçinin Nizami Gəncəvi, Molla P\nah Vaqif, Səməd Vurğun, Qara Qarayev və digər şəxsiyyətlərə rast gəlmək olar. Layihənin təşəbbüskarı isə kəndin ağsaqqal sakini Əbülfət Əsgərovdur.
Lövhələr təsadüfi şəkildə yerləşdirilməyib. Onların hər biri öz adlarını daşıyan məhəllələrin girişində quraşdırılıb. Beləliklə kəndə gələnlər də rahatlıqla hansı məhəllənin harda yerləşdiyini öyrənə bilirlər.
Lövhələrin quraşdırılmasının məqsədi isə həm marifləndirmək, həm də vətənpərvərlik hisslərini aşılamaqdır. Elə sakinlər də bu təşəbbüsü alqışla qarşılayıblar.
Qeyd edək ki, Xaçmazqışlaq kəndinin abadlaşmasında sakinlər daim təşəbbüs göstərirlər. Bundan əvvəl isə kəndin girəcəyində şəhidlərin xatirəsinə abidə kompleksi ucaldılıb. Kənddə ailə quran gənclərin bu məkana baş çəkib, bulaqdan su içmələri artıq ənənəyə çevrilib.
Cümə, 15 Mart 2024 14:05