Öyrənmək üçün heç vaxt gec deyil. Bunu sübut edən 73 yaşlı tələbə Musa Mahmudov təhsil yaşı ilə bağlı bütün stereotipləri dağıtdı. O, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Arıçılıq" ixtisası üzrə təhsil alır. 2004-cü ildən arıçılıqla məşğul olan Musa Mahmudov yaşı 70-i keçsə də, təhsil almaq, sənəti ilə bağlı bilik və bacarıqlarını artırmaq üçün öyrənmək əzmindədir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində “Arıçı” ixtisası bu il ölkə üzrə ilk dəfə fəaliyyətə başlayıb. Musa Mahmudov “Arıçı” ixtisasına son anda sənəd verərək 40-dan artıq müraciət edənlərin arasından qəbul olunan 19 nəfərdən biri olub. O, yaşına baxmayaraq, dərslərə intizamla yanaşır, verilən tapşırıqları yerinə yetirir, nəzəri və praktiki dərslərdə fəallığı ilə seçilir.
Qeyd edək ki, Musa Mahmudov 1951-ci ildə Qəbələnin Vəndam kəndində doğulub. Üç qız, bir oğul atası olan Azərbaycanın ən yaşlı tələbəsinin 8 nəvəsi var. Deyir ki, övladlarının hamısına ali təhsil verib. Özü də vaxtı ilə təhsil almaq istəsə də, ailəsinin maddi imkanı buna mane olub. İndi isə özünün gənclik arzusunu reallaşdırır.
Çərşənbə, 13 Mart 2024 09:21